“Əl-İttihad”ın fransalı ulduz hücumçusu Kərim Benzema həmvətəni, “qaymaqlılar”ın hücumçusu Kilian Mbappedən söhbət açıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Benzema özünün “Real”a gəlişi ilə Mbappenin Madrid klubuna keçidini müqayisə edib:
“Mən gələndə, “Real”ın nə demək olduğunu bilmirdim, amma uğur qazanacağıma heç vaxt şübhə etməmişəm. Gənc yaşda tənqidi qəbul etmək çətindir, adamlar mənim hələ gənc olduğumu başa düşmürdülər ki, dili bilmirdim, ailəmdən uzaqda… “Real”da psixoloji cəhətdən güclü olmağı tez öyrənirsən. İndi isə tənqid məni ancaq əyləndirir. Mbappe ilə bağlı vəziyyət isə mənimlə olduğundan fərqlidir. Mən lap sütül vaxtımda gəlmişdim, 21 yaşımda, o isə 25 yaşında keçid edib. O, bilir ki, əgər “Real”da ümidləri doğrultmasan, səni parça-tilkə edərlər, çünki səni müstəsna surətdə, ancaq qollar vurmaq üçün alıb-götürüblər. Təzyiq inanılmazdır və o, bundan xəbərdardır”, deyə Benzema vurğulayıb.
Xatırladaq ki, Benzema 2009-2023-cü illərdə “Real”da çıxış edib. Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində keçirdiyi 14 mövsüm ərzində 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib. Benzema “Rea”la müasir klub futbolunda mümkün bütün qənimətləri dəfələrlə qazanmağı bacarıb. Müsəlman futbolçunun qənimətlər muzeyində “Real”la qazandığı 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var. Üstəlik Benzema müxtəlif fərdi mükafatlara, ən əsası isə “Qızıl top”a (2022) layiq görülüb.
Kilian Mbappe isə futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 40 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.