“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe PSJ-də ulduz hücumlar – Neymar və Lionel Messi ilə birlikdə çıxışını xatırlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Mbappe bu “qızıl üçlüy”ün uşaqlara böyük arzular qurmağa rəvac verdiyi qənaətindədir:
“Biz oyunçuları bir araya gətirdik, hansı ki, ancaq “PlayStation”da (Sony PlayStation) rast gəlinməsi mümkündür. Bəli, biz Çempionlar Liqasını qazana bilmədik, amma biz bir çox uşağı xəyallar qurmağa sövq etdik”, deyə Mbappe fərəhlə vurğulayıb.
Xatırladaq ki, Neymar 2017-2023-cü, Lionel Messi isə 2021-2023-cü illərdə PSJ-də çıxış edib.
“Ney hazırda “Santos”da, “Leo” isə “İnter Mayami”də çıxış edir.
Kilian Mbappe isə futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 40 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.