
Bu gün Avropa İttifaqı (Aİ) ABŞ mallarına 28,33 milyard dollarlıq cavab rüsumlarını elan edib. Məbləğ ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin “iqtisadi miqyası ilə bərabərdir”.
Reyting.az bildirir ki, əks tədbirlər Aİ-nin polad və alüminium ixracına dəyən 8 milyard avroluq iqtisadi zərərə cavab verən bir sıra ABŞ məhsullarını hədəf alır.
Bundan əlavə, Trampın Avropa Birliyi (AB) ixracına 18 milyard avrodan çox təsir göstərən yeni tariflərinə cavab olaraq, “Komissiya ABŞ ixracatına qarşı yeni əks tədbirlər paketi təqdim edir”. Bildirilir ki, bu, “üzv dövlətlər və maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra aprelin ortalarına qədər qüvvəyə minəcək”.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, tariflər vergidir: “Onlar biznes üçün pisdir, istehlakçılar üçün isə daha pisdir. Bu tariflər təchizat zəncirini pozur. Onlar iqtisadiyyata qeyri-müəyyənlik gətirir. İş yerləri risk altındadır. Qiymətlər artacaq. Həm Avropada, həm də ABŞ-da”.
Aİ-nin konstruktiv dialoqa hazır olduğunu deyən Leyen əlavə edib: “Bu gün gördüyümüz əks tədbirlər güclüdür, lakin mütənasibdir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Aİ-ni idxal olunan mallara 25 faiz rüsum tətbiq etməklə hədələyib. Ağ ev rəhbəri bloku tənqid edərək, onun “ABŞ-a zərər vermək üçün yaradıldığını” deyib.
Eyni zamanda, avropalı istehsalçılar xəbərdarlıq ediblər ki, amerikalılar şampan və pendir kimi məşhur Avropa delikateslərini ala bilməyəcəklər.
E. KAMAL