ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarını artırmaq siyasəti investorlar arasında narahatlıq yaradıb və fond bazarında kəskin geriləməyə səbəb olub və son bir ayda 4 trilyon dollar dəyər itirib.
Valyuta.az xarici mənbələrə istinadən xəbər verir ki, Tramp administrasiyasının Kanada, Meksika və Çinlə ticarət münasibətlərində gərginliyi artırması bazarda qeyri-müəyyənlik yaradıb. Bazar ertəsi S&P 500 indeksi 2,7%, Nasdaq isə 4% ucuzlaşaraq, 2025-ci ilin ən kəskin günlük düşüşünü yaşayıb. Fevralın 19-da tarixi maksimuma çatan S&P 500, o vaxtdan bəri 8,6% geriləyərək düzəliş (correction) mərhələsinə yaxınlaşıb.
Maliyyə sektorunun aparıcı simalarından biri, "Lazard" şirkətinin baş direktoru Piter Orszag bildirib ki, tarif siyasətinə dair qeyri-müəyyənlik biznes rəhbərlərini investisiya planlarını yenidən nəzərdən keçirməyə vadar edir. O, xüsusilə Kanada, Meksika və Avropa ilə gərginliyin qısa müddətdə həll olunmamasının ABŞ iqtisadiyyatına ciddi zərər verə biləcəyini qeyd edib.
Rüsum siyasətindən qaynaqlanan iqtisadi qeyri-müəyyənlik “Delta Air Lines”ın gəlir proqnozunu azaltmasına səbəb olub. Şirkət səhmləri 14% ucuzlaşıb. Texnologiya sektoru da böyük itkilərlə üzləşib. “Apple” və “Nvidia” 5%, “Tesla” isə 15% ucuzlaşaraq, bir gündə 125 milyard dollar dəyər itirib.
Son günlərdə investorlar riskli aktivlərdən uzaqlaşır. “Bitcoin” 5% dəyər itirib, lakin müdafiə xarakterli səhmlər və ABŞ dövlət istiqrazlarına tələbat artıb.
Mütəxəssislər qeyd edirlər ki, Tramp administrasiyası iqtisadiyyatda mümkün geriləməyə baxmayaraq, tarif siyasətindən geri addım atmağa hazır deyil. "Tramp komandası bazarın enişini qəbul edir və hətta iqtisadi geriləməni daha geniş məqsədlərinə nail olmaq üçün bir vasitə kimi görə bilər", – deyə "Baird" şirkətinin analitiki Ross Meyfild bildirib.
S&P 500 indeksinin 2023-2024-cü illərdəki güclü artımına baxmayaraq, hazırda bazar qeyri-müəyyənlik içindədir. Analitiklər hesab edirlər ki, tarif müharibələrinin davam etməsi S&P 500-ü 5 300 bənd səviyyəsinə qədər gerilədə bilər. Ekspertlər Tramp administrasiyasının rüsum siyasətində hansı addımları atacağını izləyir, çünki bu qərarlar ABŞ və qlobal bazarlar üçün həlledici ola bilər.
Sərvanə Rəmixanova