Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində “Molde” ilə üz-üzə gəlib.
Helsinki təmsilçisi doğma meydanda baş tutan bu oyunda Norveç klubu ilə heç-heçəyə razılaşıb. Dörd qolun qeydə alındığı oyunda tərəflər hərəyə 1 xalla kifayətləniblər – 2:2.
Ozan bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib.
HJK 5 oyuna topladığı 4 xalla Konfrans Liqasının Liqa mərhələsinin yarış cədvəlində 29-cu sırada qərarlaşıb. Finlandiya təmsilçisini növbəti turda “Betis”lə (İspaniya) ilə qarşılaşma gözləyir. Bu oyun dekabrın 20-də İspaniyada keçiriləcək.
Əvvəlki iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 18 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.