AZ

Avropa İttifaqı Tramp-Putin danışıqlarına qarşı çıxdı – Ukrayna və Avropa da prosesdə iştirak etməlidir...

Çərşənbə günü Ukrayna, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Polşa, Almaniyanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali komissarı Parisdə görüş keçirilib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, görüşdən sonra həm Ukrayna, həm də Aİ nümayəndələrinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulması ilə bağlı gələcək danışıqlarda iştirakının vacib olduğuna dair bəyanat qəbul edilib.

Nazirlər Ukraynanın və onun Avropalı müttəfiqlərinin maraqlarını təmin etməli olan ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq öhdəliyini ifadə ediblər. Sənəddə həmçinin Ukraynaya dəstəyi davam etdirməyə və ona təhlükəsizlik təminatları verməyə hazır olduqları bildirilir. Bəyanatda müttəfiqlərin ABŞ ilə sülhə nail olmaq yollarını müzakirə etməyə hazır olduqlarından bəhs edilir.

Bəyanat ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə, daha sonra isə Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparması məlum olandan bir neçə saat sonra yayılıb.

Tramp bildirib ki, Putinlə söhbət zamanı tərəflər Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli üzrə müvafiq komandaların dərhal danışıqlara başlayacağı barədə razılığa gəliblər. ABŞ Prezidenti deyib ki, o, Ukrayna danışıqlarına rəhbərlik etməyi dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Maykl Vals və xüsusi elçi Stiv Vitkova tapşırıb.

Onun bəyanatında Aİ ölkələri danışıqların iştirakçısı kimi göstərilməyib. Danışıqlar qrupunun üzvləri arasında ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun da adı çəkilməyib. Bununla belə, ABŞ Dövlət Departamentinin saytının verdiyi məlumata görə, fevralın 13-də Kelloq Avropaya səfərə gedib. Kelloqun özünün sözlərinə görə, səfərin məqsədi Prezident Trampın Ukraynada güc vasitəsilə sülhü təmin etmək və ABŞ-ın milli təhlükəsizlik maraqlarını qorumaq məqsədini irəli sürməkdir.

Kelloqun Münhen Təhlükəsizlik Konfransına qatılacağı, NATO və Aİ-nin Brüsseldəki mənzil-qərargahını ziyarət edəcəyi gözlənilir. Onun “Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Avropada sabitliyi bərpa etmək üçün ABŞ ilə işləməyə hazır olan” Avropadakı müttəfiqləri və tərəfdaşları ilə görüşlər planlaşdırdığı bildirilir.

Fevralın 14-də açılacaq Münhen konfransında ABŞ-nin vitse-prezidenti J.D.Vans və dövlət katibi Marko Rubio da iştirak edəcək. Onlar da artıq Avropaya gəliblər.

NATO xarici işlər nazirləri cümə axşamı Brüsseldə görüşəcək. NATO-nun baş katibi Mark Rutte çərşənbə günü səhər deyib ki, Tramp və Putin arasındakı söhbət sülh danışıqlarının başlandığını göstərə bilər. O, həmçinin Ukraynanın tamhüquqlu iştirakçı olmasını müdafiə edib. Almaniyanın xarici işlər naziri Annalena Baerbok da eyni tələblə çıxış edərək qeyd edib ki, Avropa da danışıqlarda iştirak etməlidir, çünki Avropada sülh təhlükə altındadır.

Ötən gün jurnalistlərlə söhbətində Putinlə söhbətini şərh edən Tramp deyib ki, Ukraynanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərinə nəzarəti ələ keçirə bilməsi ehtimalı azdır. Eyni zamanda o, danışıqlar nəticəsində hazırda Rusiya tərəfindən işğal olunmuş ərazilərin bir hissəsinin Ukraynanın nəzarətinə qayıdacağını bildirib. Bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset də bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması kimi, Ukraynanın sərhədlərinin 2014-cü ildən əvvəl mövcud olan sərhədlərə qaytarılması real məqsəd deyil.

Tramp Aİ ölkələrinin sülh danışıqlarında mümkün iştirakı barədə heç nə deməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
23
50
azpolitika.info

10Mənbələr