ABŞ kollektiv Qərbin son bir neçə il ərzində Kremlə qarşı apardığı zəiflətmə siyasətini iflasa uğratmaq üzrədir, Ukraynada "savaş bataqlığı"na salınaraq, sürətlə çöküş mərhələsinə yaxınlaşan Rusiya tədricən yenidən dirçəlmək şansı qazanır... Əgər, Ağ Ev sahibinin "sülh planı"na sərt müqavimət göstərilməzsə, bu, növbəti mərhələdə kollektiv Qərb üçün fəlakət ssenarisinə də çevrilə bilər, yəni, indi yalnız Ukrayna deyil, Avropa məkanı da ciddi kataklizmlərə məhkum buraxılmaq üzrədir...
Ukrayna savaşının dayandırılması istiqamətində intensiv müzakirələr davam edir. Hələlik bu müzakirələrin yekun nəticələri barədə danışmaq bir qədər tezdir. Ancaq bununla belə, mövcud situasiya və danışıqların inkişaf istiqamətləri barədə yayılan məlumatlar müəyyən narahatlıqlara da yol açmağa başlayıb. Və bu baxımdan, yaxın vaxtlarda Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin qlobal məkanda yeni siyasi böhtana səbəb ola biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması ilə bağlı danışıqlarda kifayət qədər ciddi neqativ məqamlar mövcuddur. Belə ki, Tramp adminstrasiyası bu danışıqları birtərəfli qaydada yalnız Rusiya ilə aparır. Yəni, Avropa Birliyi Ağ Ev tərəfindən demək olar ki, oyundan kənar vəziyyətə salınıb. Halbuki, Ukrayna ordusunun indiyə qədər silah sursatla təmin edilməsinin maliyyə yükü məhz Avropa Birliyinin üzərindədir. Üstəlik, Rusiyaya qarşı iqtisadi sanksiyalar da elə Avropa Birliyi tərəfindən tətbiq olunub. Və bu baxımdan, Avropa Birliyinin Rusiya ilə danışıqlardan kənarda saxlanılması kollektiv Qərb daxilində olduqca ciddi ziddiyyətlər yarada bilər.
Digər tərəfdən, Avropa Birliyi ilə yanaşı, həm də Ukrayna sülh danışıqlarından kənarda buraxılıb. Halbuki, müharibə Rusiya və Ukrayna arasında davam etməkdədir. Üstəlik, Rusiya hərbi təcavüzkar, Ukrayna isə əraziləri işğal olunmuş tərəfdir. Belə olduğu təqdirdə, savaşın birbaşa iki iştirakçından birinin kənarda saxlanılması tamamilə məntiqsiz və absurd xarakter daşıyır. Və bu, rəsmi Kiyevin müqavimət göstərəcəyi təqdirdə, indi intensiv xarakter daşıyan danışıqlar prosesinin nəticələrini boşa çıxara bilər.
Əslində, belə bir ehtimalın mövcud olduğunu Ukrayna prezidenti Volodimir Zelenski açıq mətnlə artıq mesaj verib. Hər halda, bir müddət öncə o, bildirmişdi ki, rəsmi Kiyevin iştirakı olmadan, Ukrayna savaşının dayandırılmasını yalnız Rusiya ilə müzakirə etmək olduqca təhlükəli davranışdır. Çünki əgər, Ukraynanın gələcək taleyi müzakirə edilirsə, deməli, rəsmi Kiyevin mövqeyi prinsipial təsir faktorudur. Və Tramp adminstrasiyası bu önəmli faktordan yan keçmək cəhdi ilə olduqca ciddi hərbi-siyasi, hətta strateji səhvə yol vermiş olur.
Göründüyü kimi, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılması prosesi üzərindən bütün dünyanı olduqca real təhlükəyə sürükləyir. Çünki Ağ Evin davranışları tezliklə həm kollektiv Qərbin, xüsusilə də, Ukrayna savaşının əsas maliyyə yükünü çəkən Avropa Birliyinin kəskin müqavimət reaksiyasına yol aça bilər. Bu müqavimət reaksiyasına Ukrayna da sərt mövqe ilə qatılarsa, ABŞ-ın Rusiya ilə məxfi danışıqları olduqca ciddi qlobal hərbi-siyasi xaosun təməlini də ata bilər. Və Ağ Evin Ukraynaya yönəlik son addımı Tramp adminstrasiyasının bu təhlükəni artıq ciddiyə almaq məcburiyyətində qaldığını göstərir.
Məsələ ondadır ki, Ağ Ev sahibi Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə də telefonla müzakirələr aparmaq məcburiyyətində qalıb. Ukrayna rəsmi dairələrindən verilən məlumata görə, iki prezidentin telefon söhbəti təxminən bir saatdan çox davam edib. Ancaq rəsmi Kiyev hələlik telefon danışığının detallarını yaymağa tələsmədiyini də sezdirir. Böyük ehtimalla, Zelenski hakimiyyəti Ukrayna üçün ən uyğun situasiyada bütün detalları ictimailəşdirməklə, prosesi bloklamaq niyyətində də ola bilər. Və rəsmi Kiyevin belə radikal davranışları üçün tezliklə olduqca ciddi səbəblərin ortaya çıxa biləcəyi qətiyyən istisna deyil.
Maraqlıdır ki, Ağ Evin Kremllə məxfi danışıqlarının bəzi detalları barədə Rusiya siyasi dairələrindən verilən məlumatlardan sonra bu ehtimal daha inandırıcı görüntülər almağa başlayıb. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hər iki tərəfin Ukraynada münaqişənin dayandırılmasının vacibliyi ilə bağlı razılığa gəldiyini bildirib. Prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampın uzunmüddətli həll yolunun danışıqlar vasitəsilə mümkünlüyü fikri ilə razılaşdığını vurğulayıb.
Digər tərəfdən, prezident Donald Tramp bildirib ki, o, Putinlə birlikdə siyasi komandalarına dərhal danışıqlara başlamaq tapşırığını veriblər. Eyni zamanda, tərəflər, qarşılıqlı səfərlər də daxil olmaqla, sıx əməkdaşlıq barədə razılığa gəliblər. Hətta prezident Vladimir Putin Ağ Ev sahibi Donald Trampı Moskvaya səfərə dəvət edib. Və belə anlaşılır ki, Tramp-Putin ünsiyyəti tədricən kollektiv Qərbin real probleminə çevrilmək üzrədir.
Hər halda, Ağ Ev sahibi Donald Tramp prezidenti Putinlə birbaşa telefon müzakirəsinə başlamaqla, Rusiyanın maraqlarına xidmət etmiş kimi görünür. Birincisi, bu, həm Rusiyanın, həm də prezident Vladimir Putinin beynəlxalq izolyasiyadan çıxarılmasının başlanğıcı da hesab oluna bilər. Çünki tezliklə Ukrayna savaşının maliyyə-iqtisadi yükündən xilas olmağa can atan bəzi Avropa ölkələri liderlərinin də Ağ Ev sahibinin açdığı cığırla irəliləyəcəyi qətiyyən şübhə doğurmur. Xüsusilə də, ABŞ və Rusiyaya qarşılıqlı səfərlər barədə razılıq ümumiyyətlə, Kremlin qlobal məkana qayıdış "bileti" də sayıla bilər.
Bütün bunlar onu göstərir ki, prezident Donald Tramp kollektiv Qərbin son bir neçə il ərzində Rusiyaya qarşı apardığı zəiflətmə siyasətini iflasa uğratmaq üzrədir. Eyni zamanda, Ukraynada "savaş bataqlığı"na salınaraq, sürətlə çöküş mərhələsinə yaxınlaşan Rusiya tədricən yenidən dirçəlmək şansı qazanmağa başlayıb. Əgər, Tramp adminstrasiyasının Ukraynanı Rusiyaya təslim etmək siyasətinə sərt müqavimət göstərilməzsə, bu növbəti mərhələdə kollektiv Qərb üçün fəlakət ssenarisinə də çevrilə bilər. Və Trampın sülh planı reallığa çevrilərsə, böyük ehtimalla yalnız Ukraynanı deyil, həm də Avropa məkanını da ciddi kataklizmlərə məhkum buraxacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu