Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli Rusiya-ABŞ danışıqları başa çatıb.
“Cebheinfo.az”-ın məlumatına görə, görüş təxminən 4,5 saat davam edib. Qeyd edək ki, təxminən 2,5 saatdan sonra tərəflər 15 dəqiqəlik fasilə verib, bir saat sonra isə nahara gediblər. Rusiya tərəfini danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil ediblər.
Bundan başqa, Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də daxildir. İclasda ABŞ-ı prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols, Dövlət katibi Marko Rubio və Ağ Ev rəhbərinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.
Görüş kral ailəsinin saraylarından birində - “Əlbasatin” kompleksindəki Diriyahda baş tutub. Görüşün nəticələrini dəyərləndirən Yuri Uşakov bəyan edib ki, Rusiya-Amerika danışıqları yaxşı keçib və tərəflər bütün məsələlər üzrə ciddi müzakirə aparıblar.
O, iki nümayəndə heyəti arasında danışıqların necə getdiyi ilə bağlı suala “Pis deyil” cavabını verib: “Toxunmaq istədiyimiz bütün məsələlərlə bağlı çox ciddi müzakirə aparılıb”.
Onun sözlərinə görə, Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb. “Biz sadəcə olaraq razılaşdıq ki, bir-birimizin maraqlarını nəzərə alacağıq. Ancaq eyni zamanda, biz ikitərəfli münasibətləri də inkişaf etdirməliyik. Çünki həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır”, - deyə Kremlin nümayəndəsi bildirib.
Bundan başqa, Rusiya və ABŞ-ın mövqelərinin yaxınlaşmasından danışılırdı. "Lakin bunun baş verdiyini söyləmək çətindir. Hələlik Rusiya və ABŞ-nin mövqelərinin yaxınlaşdığını söyləmək çətindir, lakin bu barədə söhbət olub”, - deyə Uşakov bildirib.