ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və Səudiyyə Ərəbistanında keçirilən görüşü müzakirə ediblər.
News365.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tramp və Makron arasında söhbət təxminən 30 dəqiqə davam edib.
Telefon danışığının təfərrüatları geniş şəkildə ictimaiyyətə açıqlanmayıb.
Məlumata görə, Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqlar Ər-Riyadda baş tutacaq. Tədbirdə ABŞ dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcəklər.
Rusiya tərəfdən danışıqlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək. Uşakov bildirib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev də Rusiya nümayəndə heyətinə qoşula bilər.
Qeyd edək ki, ötən gün Parisdə Fransa, Almaniya, İspaniya, İtaliya, həmçinin Aİ və NATO başçılarının görüşü baş tutub. Fövqəladə məsləhətləşmələr ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlmiş təşəbbüsləri fonunda Makron tərəfindən təşkil edilib. İclasda konkret qərarlar qəbul edilməyib.