Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası bu gün Finlandiya Liqa Kubokunun qrup mərhələsinin 4-cü turu çərçivəsində “Mariehamn”la üz-üzə gəlib.
Helsinki təmsilçisi doğma meydanda baş tutan bu oyunda çətin qələbəyə sevinib – 2:1.
Ozan bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
HJK 4 oyuna topladığı 9 xalla Liqa Kubokunun qrup mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.
Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 21 oyun keçirib, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.