RU

Ançelotti: “Mbappe çox yaxşı oynayır, biz ondan çox razıyıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin cari mövsümdəki çıxışını qiymətləndirib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ümumilikdə Kilian çox yaxşı oynayır, biz ondan çox razıyıq. Biz bunu nəzərə almalıyıq ki, o, heç də həmişə ən yaxşı formasında olmur. Mövsüm mürəkkəbdir, bu, adidir, xüsusən də çox eniş-yoxuşları olan ən yaxşı oyunçular üçün, görünür bu, nəsə genetik bir xüsusdur. Onunla hər şey çox yaxşıdır. “Rayo Valyekano” ilə oyunda da Mbappe çox yaxşı fəaliyyət göstərdi, o, təsirli qol vurdu. Kilian mübarizə aparır, topu almaq üçün yıxılırdı. Vurduğu qol fantastikdir, o, hər şeyi çox yaxşı icra etdi”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, “El Nacional” dərigisi jurnalist Marsal Lorenteyə istinad edərək bildirib ki, “Real” bu yaxınlarda Kilian Mbappeyə futbolçunun 117 milyon avro məbləğində imza üstəliyini və illik maaşını ödəyib.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 41 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Избранный
35
6
arena.az

10Источники