Bu gün keçirilmiş son bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 15-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, günün yeganə görüşü B qrupunda baş tutub.
Liderlik mübarizəsi aparan “Şəki” yarışın autsayderi “Lənkəran”ı sınağa çəkib. Görüşün taleyi son periodda həll olunub. Qonaqların müqaviməti ilə üzləşən Şəki təmsilçisi 2 xal qazanmağı bacarıb.
Bu nəticədən sonra “Şəki” B qrupunda 26 xalla ikinci, “Lənkəran” 18 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
15-ci turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, “Ordu” “Quba”nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, “Naxçıvan” isə “Sabah”ı 85:82 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqası
B qrupu, 15-ci tur
1 mart
“Şəki” – “Lənkəran” 81:75 (23:21, 20:11, 15:26, 23:17)
Şəki Olimpiya İdman Kompleksi.
Xallar: Ordu – 26. Şəki – 26. Gəncə – 26. Sumqayıt – 20. Quba – 19. Lənkəran – 18.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.